Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
İnzibati mərkəzi Xaçmaz şəhəridir.
20 İyun , 2016
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur.1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət gostərir. "Gülalan gölu" qoruğu bu Cəmiyyətin nəzdindədir.Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər.Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir.