Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
İnzibati mərkəzi Xaçmaz şəhəridir.
21 İyun , 2016
Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin novundə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər. Xaçmaz rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət muxəlləfatı əşyaları aşkar edilmişdir. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir.Rayonda 60-dan cox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollaburhan, Hulovlu, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, böyük mesenat H.Z.Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilmiş Şollar su anbarı və su kəməri də maraq doğururlar. Bu tikililər indi də texniki cəhətdən işləkdirlər.

NİYAZABAD LİMANI

Xaçmazdakı daha bir tarixi – stratejik əhəmiyyətli obyektdir. Liman XVI əsrdən başlayaraq dəniz yolu ilə Azərbaycanın qonşu ölkələrlə münasibətlərin yaradılmasında mühüm rol oynayıb.Volqa – Xəzər ticarət yolu dövlətlərarası ixtilaflara baxmayaraq şimal ölkələri ilə ticarət əlaqələri genişləndirib.Bölgədən şimal ölkələrinə ipək, sənətkarlıq məmulatları, meyvə qurusu ixrac edilib. Xəzər dənizi ticarətində nəzərə çarpan yenilik Şirvanın Qərbi Avropa ölkələri ilə intensiv ticarətə bağlanması idi. Bu ticarətdən genuyalı və venetsiyalı tacirlərin daha fəal istifadə etməsinə səbəb olub.

XAÇMAZ DƏMİRYOLU (XİX-ƏSR)

Mərkəzdə yerləşən dəmiryolu vağzalının möhtəşəm binası bu kurort şəhərinin gözəlliyini artırır.Dəmiryol stansiyasının geniş sahəsi mini şəhərciyi xatırladır. Dəmiryollarında çalışanların ailələrinin yaşaması üçün burada hər cür şərait nəzərə alınıb. Memarlığı ilə seçilən stansiya 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. Deyilənlərə görə, Quba quberniyasından məktubla Çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. Relyef uyğun olduğuna görə Xaçmazda çəkilib. Quba – Xaçmaz maşın yolunun da əsası o zaman qoyulub. İlk əvvəl faytonların buradan keçə bilməsi üçün yollara çınqıl səpilib.XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf eməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən buralara dəmiryolları çəkilib. Dəmiryollarının faəliyyətə başlaması ilə ölkədə istehsal olunan milli sərvət Ümumrusiya bazarına çıxış əldə edib. Rayonda mövcud olan yeddi tarixi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır. XX əsrin ilk illərində (1900-1903) inşa olunmuş digər altı dəmir yol vağzalı binası və eləcə Su anbarı qülləsi indiyədək normal qaydada çalışır.

SU QÜLLƏSİ (1903)

Qeyd etmək lazımdır ki, bu dəmir yolu vasitəsilə ilk dəfə mərkəzə və ətraf rayonlara su daşınıb. 1903-cü ildə inşa edilmiş Su anbarı qülləsi memari quruluşuyla diqqəti çəkir. Şirin sulu bulaqlarla zəngin olan Xaçmazdan böyük su sıxıntısı yaşayan Abşeron yarımadasına və kapitalizmin sürətlə inkişaf etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su məhz buradan, dəmiryolu vasitəsilə yollanırdı. Stansiyadakı Su qülləsi, su anbarı rolunu oynayırdı. Buradan su sisternlərə doldurularaq dəmiryoluyla paytaxta yollanırdı.Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. 1917-ci ildə istismara verilmiş məşhur su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. “Şahdağ”ın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan onun kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur. İndiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan “Bakı-Şollar” xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. Kəmərin çəkilməsinin çox maraqlı tarixçəsi var. XIX əsrin ikinci yarısından sürətlə böyüməyə başlayan kapitalist Bakının əhalisi su sarıdan çox əziyyət çəkirdi. Su qıtlığı müxtəlif epidemik xəstəliklər yaradırdı. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Bakı milyonçusu, xeyriyyəçi – messenat Hacı Zeynalabdin Tağıyev Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş məşhur ingilis mühəndis Vilyam Lindleyi Frankfurt Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Lindley bol şirin su mənbələri olan indiki Xaçmaz ərazisinə qədər gəlir. Şollar kəndində quyu qazdırır və Şahdağın qarı və buzlaqları ilə qidalanan keyfiyyətli suyun mənbəyini kəşf edir. Uzun sürən mübahisə və müzakirələrdən sonra 1904 – cü ildə tikilməyə başlayan kəmərin inşaatı 1916 – cı ildə tamamlanır. Deyilənlərə görə, şəhərə ilk dəfə su verilən gün, Bakı camaatı sevincindən qoyun, dəvə, öküz qurban kəsib, məhəllələrdə ehsan məclisləri verib. Xudatda, geniş meşəlik ərazidə yerləşən “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur. Buraya giriş qadağandır.